Kollektiv müdafiə– Təhlükəsizliyin təminatının ən effektiv vasitəsi

Tornike Parulava
December 14, 2023

Soyuq Müharibə başa çatdıqdan və Sovet İttifaqı dağıldıqdan sonra Avropada belə bir yanaşma tədricən yayıldı və müəyyən qədər populyarlıq qazandı ki, təhlükələrin azalması fonunda hərbi ittifaqlar öz mənasını itirirdi. Bu tendensiyanın ardınca bəzi NATO-ya üzv dövlətlər hərbi büdcələri azaltdılar ki, bu da Qərbi Avropa müttəfiqlərinin timsalında xüsusilə nəzərə çarpdı. NATO-ya üzv ölkələrin sayı artsa da, NATO-nun ümumi hərbi büdcəsi ya dəyişməz qalır, ya da hətta azalırdı. NATO demokratik dövlətlər ittifaqı olduğu üçün ona üzv olan ölkələrin cəmiyyətlərində təhlükə hissinin aradan qalxması siyasətçilərin qərarlarına birbaşa təsir göstərdi və Avropa üzvlərinin hərbi büdcələrinin müəyyən edilmiş GDP-nin 2 faizindən tədricən aşağı düşməsi təəccüblü olmamalıdır.

Rifahın və iqtisadi tərəqqinin qaçılmazlığı hissi o qədər gücləndi ki, təhlükəsizlik və hərbi potensialın inkişafı ilə bağlı narahatlıq daha dəbli hesab olunmurdu.
Yuxarıda qeyd etdiyimiz “demilitarizasiya” tendensiyası fonunda Avropada bloklara qoşulmama və neytrallıq nəzəriyyələrinin tərəfdarlarının sayı daha da artdı. Avstriya və İsveçrənin uğurlu neytrallıq təcrübəsinə əlavə olaraq, İsveç və Finlandiyanın həyata keçirdiyi neytrallıq siyasəti və hərbi ittifaqlardan yayınması mühüm presedentlər oldu. Bütün deyilənləri nəzərə alsaq, təbii idi ki, Sovet İttifaqının dağılması nəticəsində müstəqilliyini bərpa etmiş gənc demokratik dövlətlərə qarşı bitərəflik siyasəti xarici və təhlükəsizlik siyasətinin vasitələrindən biri kimi qəbul edilirdi. Bir neçə ölkə bu yolu seçib və indi də müxtəlif formalarda neytrallıq siyasətini davam etdirir.

Avropa qitəsində şərti hərbi təhlükənin olmaması nəzəriyyəsində ilk çat 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi təcavüzü nəticəsində yarandı. Lakin təəssüf ki, bəzi subyektiv və ya obyektiv səbəblərdən, Gürcüstana qarşı atılan addımlar iki onillikdə formalaşmış yanaşmaları dəyişdirmək üçün kifayət qədər güclü təkan ola bilmədi. 2014-cü ildə Ukraynanın ərazi bütövlüyünün pozulması, Krım yarımadasının qanunsuz ilhaqı və Şərqi Ukraynada hərbi münaqişənin başlaması artıq Avropa ölkələrini ciddi şəkildə düşünməyə vadar etdi ki, Avropa qitəsində hərbi qarşıdurma o qədər də təsəvvüredilməz deyil. Burada qeyd etmək lazımdır ki, yuxarıda qeyd etdiyimiz “narahatlıq” Qərb ölkələrindən daha çox Şərqi Avropa ölkələri üçün daha aydın və əyani görünürdü ki, bu da son nəticədə cavab addımlarının məzmununa və miqyasına təsir etdi.

2014-cü il hadisələrinə Qərbin kollektiv reaksiyasının nə qədər təsirli olmasından asılı olmayaraq, bir şey aydın oldu – qayğısızlığın iki onilliyi geridə qalırdı. Hərbi büdcələrdə azalma tendensiyası dayandırıldı və 2%-lik həddə qayıtmaq planları hazırlandı. Avropada hətta nəzəri cəhətdən belə, heç bir hərbi təhlükənin olmadığı yanaşması doğru olmadı.

Yuxarıda qeyd olunan proseslər Avropada bitərəflik “tərəfdarlarının” mövqelərini xeyli sarsıtdı. Xüsusilə nəzərə çarpırdı ki, Krımın ilhaqı və Şərqi Ukraynadakı hərbi münaqişə 2010-cu ildən bəri Ukraynanın “qoşulmama” statusu, yəni neytrallığı qanunvericilik səviyyəsində təsbit edilmişdi və Ukraynaya hərbi ittifaqlara qoşulmaq qadağan edilmişdi.

Moldova müstəqilliyini bərpa edən kimi elan etdiyi “daimi neytrallıq”-dan sonra, 2014-cü ildə Ukraynanın suverenliyinə təcavüz postsovet məkanında artıq ikinci hal idi ki, ölkə təhlükəsizliyin təmin edilməsi vasitəsi kimi neytrallığı seçirdi və nəticədə ərazi bütövlüyü pozulurdu. Bu vəziyyət təbii suallar doğururdu və onlara verilən cavablar aydın şəkildə neytrallığın təsirsizliyini göstərirdi.

Bununla belə, Avro-Atlantik məkanda təhlükəsizlik zəmanətlərinin kiçik seçimindən neytrallığın son olaraq silinməsi üçün daha bir neçə il lazım oldu. övzəsi Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı genişmiqyaslı hərbi təcavüz suayırıcı oldu. Bu son hadisə, digər geo-siyasi dəyişikliklərlə yanaşı, iki Şimali Avropa ölkəsinin xarici və təhlükəsizlik siyasətini kökündən dəyişdi. Qoşulmama və neytrallıq onilliklər ərzində Finlandiya və İsveç təhlükəsizlik memarlığının əsasını təşkil edirdi. Bu iki ölkənin NATO-ya daxil olması ilə nəhayət Avropanın hərbi-siyasi xəritəsi dəyişdirildi və bufer zonalar və ya neytral ərazilər nəzəriyyəsi tarixə düşdü.

Soyuq müharibənin başa çatmasından sonrakı 30 ilin tarixinin təhlilinə əsaslanaraq, artıq əminliklə demək olar ki, müasir reallıqda Avropa qitəsində təhlükəsizliyin yeganə təminatı Vaşinqton müqaviləsinin 5-ci maddəsidir. Ərazi bütövlüyü və suverenliyi və son nəticədə xilas olmaq uğrunda mübarizə müasir tarixdə Gürcüstan, Moldova və Ukraynanın gündəlik reallığına çevrilib. Keçmişi oxşar, geosiyasi şəraiti oxşar olan və NATO-ya üzv olmağı bacaran ölkələr isə öz dinc inkişaflarını davam etdirirlər. NATO-nun kiçik Şərqi Avropa ölkələrinin cəmiyyətlərinin özlərini nə qədər təhlükəsiz hiss etmələrindən asılı olmayaraq, fakt budur ki, onların ərazisində hərbi fəaliyyətlər aparılmır və onlar işğal və ya ilhaq problemlərinə tab gətirmək məcburiyyətində deyillər.

Şimali Atlantika Müqaviləsinin imzalanmasından və 5-ci maddənin hazırkı formada təhlükəsizlik aləti kimi formalaşmasından 70 ildən çox vaxt keçir. Yaşına baxmayaraq, kollektiv müdafiə birmənalı olaraq Avro-Atlantik məkanda təhlükəsizliyin təmin edilməsində ən təsirli vasitə olaraq qalır. 12 ölkənin qurduğu alyansın bu gün 31 üzvü olması və genişlənmə prosesinin davam etməsi buna sübutdur.

Bloq müəllifi: Tornike Parulava

Nəşrin məzmunu bütövlükdə müəllifin şəxsi fikirlərini əks etdirir.