Avropa Auditorlar Məhkəməsi  Avropa Auditorlar Məhkəməsi Avropa İttifaqının maliyyələrini yoxlayır. Onun əsas məqsədi Avropa İttifaqının maliyyə idarəetməsini təkmilləşdirmək və dövlət fondlarından vəsaitlərin xərclənməsi prosesinə dair məruzə hazırlamaqdır. Məhkəmə 1975-ci ildə yaranmış və Lüksemburqda yerləşir. Auditorlar məhkəməsinin təxminən 800 əməkdaşı var, o cümlədən auditorlar, tərcüməçilər və administratorlar. Auditorlar audit qruplarına bölünmüşlər. Onlar məhkəmə tərəfindən qəbul edilən qərarlara dair hesabatlar hazırlayırlar.

Məhkəmədə Avropa İttifaqının bütün ölkələrindən bir-bir üzv var. Onlar Şura tərəfindən altı illik müddətə təyin olunurlar. Məhkəmə üzvləri öz tərkiblərindən üç illik müddətə prezident seçirlər. Auditorlar məhkəməsinin hüququ var ki, Avropa İttifaqından hər hansı bir maliyyəni alan şəxsi və ya təşkilatı yoxlasın. Məhkəmə tez-tez yerində yoxlanışlar keçirir. Auditorlar yoxlanış nəticəsində hazırlanmış rəyləri komissiyaya və Avropa İttifaqının  milli hökumətlərinə  təqdim edirlər. Qeyd etmək lazımdır ki, auditorlar məhkəməsinin hüquqi səlahiyyəti yoxdur və hər hansı bir pozuntunu aşkar etdiyi halda, Avropanın Dələduzluğa Qarşı Mübarizə ofisinə  (The European Anti-Fraud Office – OLAF) bildirməlidir.

Məhkəmənin ən mühüm funksiyası Avropa Parlamenti və Şura üçün keçmiş maliyyə ili haqqında məruzəni (“illik xərci”) təqdim etməkdir. Eləcə də Auditorlar Məhkəməsi maliyyə qanunvericiliyi ilə bağlı və dələduzluğa qarşı mübarizə istiqamətində öz fikrini söyləməlidir. Məhkəmənin öz vəzifəsini yaxşı yerinə yetirməsi üçün mütləq Avropa İttifaqının başqa qurumlarından tam müstəqilliyini qoruyub saxlamalı, eyni zamanda onlarla daim əlaqədə olmalıdır.