Aktiv səylər əməliyyatı (Active Endeavour)

2001-ci ilin oktyabr ayından NATO Hərbi Dəniz Qüvvələri (döyüş gəmiləri, sualtı qayıqlar, təyyarələr və helikopterlərdən ibarətdir) Aktiv səylər əməliyyatı çərçivəsində Aralıq dənizinin sularında patrul edir. Onlar Cəbəllütariq boğazında gəmilərin hərəkətinə nəzarət edir və ticarət gəmilərini müşayiət edirlər. Aktiv səylərin məqsədi Aralıq dənizi akvatoriyasında terror fəaliyyətinin qarşısının alınması, ifşa edilməsi və vaxtında zərərsizləşdirilməsidir. Bu əməliyyat Şimali Atlantika Alyansının inkişafında mühüm mərhələdir. Gəmilərin sıc ticarət hərəkətinin olduğu Aralıq dənizi bölgəsində sabit və sakit mühitin formalaşdırılması Alyansın təhlükəsizliyi üçün çox vacibdir. Qərbi Avropada neft və təbii qazın 65%-i Aralıq dənizi vasitəsilə nəql olunur. Böyük boru kəmərləri Liviyanı İtaliya ilə, Mərakeşi İspaniya ilə birləşdirir. Bunu nəzərə alaraq Alyansın Aralıq dənizi hövzəsindəki hərbi qüvvələri boru kəmərlərinə sistemli şəkildə nəzarət edir. 2003-cü ilin mart ayından Aktiv Səylər çərçivəsində Şimali Atlantika Alyansına üzv ölkələrin bayrağı altında Cəbəllütariq boğazında üzən qeyri-hərbi gəmilərin müşayiəti həyata keçirilir. Bu qərarın məqsədi Yəməndə 2000-ci ildə ABŞ və 2002-ci ildə Fransa bayrağı altında üzən gəmilərə qarşı törədilən terror aktlarının qarşısını almaqdır. 2003-cü ilin aprelindən NATO sistematik olaraq şübhəli görünən gəmiləri yoxlayır. Əməliyyat Aktiv Səylər çərçivəsində Alyansın gəmiləri və helikopterləri neft quyusu platformasından işçilərin və batan gəmilərdən ekipajın təxliyyəsi də daxil olmaqla bir sıra xilasetmə əməliyyatları həyata keçirib. Alyansın hərbi qüvvələrinin Aralıq dənizi sularında olması NATO ilə Aralıq dənizi ölkələri (Əlcəzair, Misir, İsrail, İordaniya, Mavritaniya, Mərakeş, Tunis) arasında təhlükəsizlik sahəsində sıx əməkdaşlığa töhfə verib, çünki bu təşəbbüs çərçivəsində bu ölkələr regional sularda üzən gəmilər haqqında Alyansın qüvvələrinə kəşfiyyat məlumatları təqdim edir. NATO-nun Aralıq dənizi hövzəsində gücləndirilmiş iştirakı təhlükəsizliyin zəmanətidir və gəmilərin hərəkətinə müsbət təsir göstərir. Eləcə də Aktiv səylər regionda ticari-iqtisadi əlaqələrin inkişafına da töhfə verir. Qeyd etmək lazımdır ki, əməliyyatda NATO-ya üzv dövlətlərlə yanaşı, Alyansın tərəfdaş ölkələri də iştirak edir.