NATO-nun Bosniya-Hersoqovinada rolu

Keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının süqutundan sonra NATO Balkanlarda müsbət dəyişikliklər prosesində həlledici rol oynayır. 1992-1995-ci illər ərzində NATO qətnamələr və diplomatik danışıqlar yolu ilə Bosniya-Hersoqovinada hərbi əməliyyatları dayandırmaq üçün BMT-nin səylərini fəal şəkildə dəstəkləmişdir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən bölgədə zorakılığı dinc vasitələrlə dayandırmaq üçün göstərilən bütün səylər nəticəsiz qalmışdı. 1995-ci ilin avqustun 30-da NATO təyyarələri Bosniya-Hersoqovinadakı serb hərbi birləşmələrinin mövqelərinə hava zərbəsi endirdi. Hava əməliyyatı həmin il sentyabrın 15-dək davam etdi. Diplomatik səylər və hava əməliyyatının müvəffəqiyyəti Bosniya-Hersoqovinada hərbi əməliyyatların dayandırılmasına şərait yaratdı və Deyton Sülh Sazişi (Dayton Peace Accord) ilə başa çatan Deyton şəhərində (ABŞ) münaqişə tərəflərinin uğurlu danışıqları üçün zəmin hazırladı. 1995-ci il dekabrın 16-da Alyans əldə edilmiş sülh razılaşmasının icrasına nəzarət etmək üçün Bosniya-Herseqovinada bir il müddətinə BMT mandatına malik beynəlxalq qüvvəni (İcra Qüvvəsi/ Implementation Force – İFOR) yerləşdirdi. Onlara atəşkəsi təmin etmək, yeni yaradılmış inzibati vahidlərin (Bosniya Federasiyası və Serb Respublikası) silahlı qüvvələrini bir-birindən ayrı saxlamaq, hərbi anbarlara nəzarət etmək tapşırılmışdı. İcra qüvvələri Bosniya-Herseqovinada mülki hava limanlarının açılmasına, əhalinin su, qaz və elektrik enerjisi ilə təminatının bərpasına böyük töhfə verib. Qarşıya qoyulan məsələlər yerinə yetirildikdən sonra 1996-cı ilin dekabrında icra qüvvələri NATO Sabitləşdirmə Qüvvələri (Stabilization Force – SFOR) ilə əvəz olundu. Bölgədə təhlükəsizlik və sülhün bərqərar olması ilə yanaşı, sabitləşdirmə qüvvələrinə Deyton Sülh Sazişlərinin mülki aspektlərini dəstəkləmək tapşırılıb. Xüsusilə, Bosniya-Herseqovinada yeni ümumi hökumət orqanlarının formalaşdırılmasına, müxtəlif sahələrdə islahatlara, demokratik qurumların inkişafına, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasına dəstəyin verilməsi. Sabitləşdirici qüvvələrə həmçinin hərbi cinayətlərdə ittiham olunanların tutulması və keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalına təhvil verilməsi tapşırılıb. 2004-cü ilin sonunda sabitləşdirmə qüvvələrinin missiyanı başa çatdırdığına qədər, Bosniya-Hersoqovinada təhlükəsizliyin və sabit mühitin bərpasından sonra NATO-nun sülhməramlı missiyasının şəxsi heyəti tədricən azaldı. 2004-cü ilin dekabrın 2-də Avropa İttifaqının ((European Union) Altea (Althea) hərbi missiyası sülhün qorunması üçün əsas məsuliyyəti öz üzərinə götürdü. Bosniya-Herseqovinada keçid demokratik prosesləri dəstəkləmək və Avropa İttifaqı ilə sıx koordinasiya məqsədilə, NATO öz nümayəndəliyi (NATO-nun Sarayevodakı Baş Qərargahı) şəklində Sarayevoda (Bosniya-Herseqovinanın paytaxtı) mövcudluğunu saxladı. NATO-nun Sarayevodakı mənzil-qərargahının nümayəndələri Bosniya-Herseqovina hökumətinə ölkənin hərbi və təhlükəsizlik sahəsində islahatlar aparmağa kömək edir. Hazırda Bosniya-Herseqovina üzvlük fəaliyyət planını həyata keçirir və NATO-ya üzv olmaq istəyən ölkələrdən biridir.