NATO-nun Darfurdakı rolu (Afrika, Sudan Respublikası)

2005-ci ildə Afrika İttifaqı Darfurda (Sudan) yerləşən sülhməramlı kontingentini artırdı. Bu addım regionda zorakılığa son qoymaq məqsədi daşıyırdı. 26 aprel 2005-ci ildə Afrika İttifaqının sədri (AFRICAN UNION, AU) logistika məsələlərində genişləndirilmiş sülhməramlı missiya üçün əməli yardım xahişi ilə NATO-nun Baş Katibinə müraciət etdi. NATO-nun Şimali Atlantika Şurası Avropa İttifaqı, Afrika İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilə məsləhətləşmələrdən sonra Afrika İttifaqının tələbini qəbul edib. 2005-ci ilin iyununda NATO Darfurdakı sülhməramlı missiyaya strateji hərəkətlər, missiya personalının təlimi və mülki polislərin yerdəyişmə məsələlərində kömək etməyə hazır olduğunu rəsmən elan etdi. 2005-ci ilin iyulundan 2006-cı ilin fevralına qədər 24 000 Afrika İttifaqı sülhməramlı qulluqçuları hava yolu ilə gətirildi. Bundan əlavə, NATO Afrika İttifaqının zabitlərinə çoxmillətli hərbi qərargahlarda və effektiv informasiya idarəçiliyi məsələlərində təlimlər keçirib. Şimali Atlantika Alyansı Afrika İttifaqının sülhməramlı əməliyyatını dəstəkləyən Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir.