Alyans haqqında

Alyans üzvləri suverenlik, ərazi bütövlüyü, demokratiya, fərdi azadlıq, insan hüquqları və qanunun aliliyi kimi dəyərlərə ciddi şəkildə riayət edirlər.

Şimali Atlantika Alyansının əsas prinsiplərindən biri kollektiv müdafiədir ki, buna əsasən də bir və ya bir neçə dövlətə silahlı hücum bütün NATO üzv dövlətlərinə hücum kimi qəbul edilir. Mövcud halda Alyans təhdid altında olan üzv ölkə və ya ölkələrə yardım göstərəcək və Şimali Atlantika regionunda təhlükəsizliyin bərpası və qorunması üçün hərbi güc tətbiqi də daxil olmaqla bütün zəruri tədbirləri həyata keçirəcəkdir.

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 4 aprel 1949-cu ildə yaradılıb. Bu, Şimali Amerikanın 2 və Avropanın 28 dövlətindən ibarət hərbi-siyasi ittifaqdır. Onun məqsədi Şimali Atlantika məkanında sülhü, üzv dövlətlərin azadlığını və təhlükəsizliyini – həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən təmin etməkdir.

Alyans üzv dövlətlərin suverenliyi, ərazi bütövlüyü, demokratiya, fərdi azadlıq, insan hüquqları və qanunun aliliyi kimi dəyərləri ciddi şəkildə qoruyur və onlara hörmətlə yanaşır. Şimali Atlantika Müqaviləsi Təşkilatı yeni problemlərlə üzləşməyə tam hazır olmaq üçün tarixi boyu bir çox dəyişikliklərə məruz qalıb və bu gün də Alyans vahid səylə münaqişələrin qarşısını almağa və sülhü təmin etməyə çalışır. NATO müasir tarixin ən effektiv hərbi-siyasi təşkilatıdır, 73 ildən artıqdır ki, 1 milyard insana sülh, təhlükəsizlik və azadlıq təmin edir.

NATO müasir tarix boyunca ən əmək qabiliyyətli hərbi-siyasi təşkilatıdır və 73 ildən artıqdır ki, 1 milyard insanın dincliyini, təhlükəsizliyini və azadlığını təmin edir.

NATO üzv dövlətlərin tam müstəqilliyini və suverenliyini qoruduğu bir təşkilatdır. Şimali Atlantika Alyansında bütün qərarlar hər bir üzv ölkənin maraqları nəzərə alınmaqla, konsensus əsasında qəbul edilir. Ərazi sahəsindən, əhalisindən, siyasi və ya hərbi gücündən asılı olmayaraq, bütün NATO-ya üzv dövlətlər müzakirələrdə və qərarların qəbulunda bərabər söz sahibidirlər. NATO-nun əsas qərar qəbul edən orqanı Şimali Atlantika Şurasıdır. Şimali Atlantika Şurasının qərar qəbul etmək üçün iclasları üç səviyyədə keçirilir: səfirlər səviyyəsində, nazirlər səviyyəsində və dövlət başçıları səviyyəsində (onların görüşü sammit (zirvə görüşü) adlanır).

Şimali Atlantika Alyansının əsas prinsiplərindən biri kollektiv müdafiədir. NATO-nun Nizamnamə Xartiyasının beşinci maddəsində (Vaşinqton müqaviləsində) kollektiv müdafiə öhdəliyi verilir, buna əsasən də bir və ya bir neçə dövlətə silahlı hücum bütün NATO üzvü olan dövlətlərə hücum kimi qəbul edilir. Mövcud halda Alyans təhdid altında olan üzv ölkə və ya ölkələrə yardım göstərəcək və Şimali Atlantika regionunda təhlükəsizliyin bərpası və qorunması üçün hərbi güc tətbiqi də daxil olmaqla, bütün zəruri tədbirləri həyata keçirəcəkdir. Beşinci maddəyə NATO tarixində yalnız bir dəfə, 2001-ci il sentyabrın 12-də, ABŞ-a terror hücumundan bir gün sonra müraciət edilib.
Şimali Atlantika Alyansının daimi əsaslarla silahlı qüvvələri yoxdur. NATO-nun birgə hərbi strukturunda iştirak edən hər bir üzv dövlət razılaşdırılmış tapşırıqları və əməliyyatları yerinə yetirmək üçün müəyyən sayda və növdə silahlı qüvvələr ayırmaq məsuliyyətindədir. Amma 2006-cı ildən NATO-nun quru, hava, dəniz və xüsusi təyinatlı qüvvələrin komponentlərini özündə birləşdirən, texnoloji cəhətdən inkişaf etmiş, yaxşı təlim keçmiş “Çevik Reaksiya  Qüvvələri” (NRF-NATO Response Force) tam hazır vəziyyətdədir.

Alyansa üzv ölkələrin başçıları 2002-ci ildə NATO-nun Praqa zirvə görüşündə çevik reaksiya qüvvələrinin yaradılmasına dair qərar qəbul ediblər. NATO doktrinasına əsasən, bu qüvvələrin əsas məsələsi, lazım gəldiyi halda, beş gün ərzində konkret plasdarmı tutmaq və əsas qüvvələr tərəfindən genişmiqyaslı əməliyyatın başlanılmasına şərait yaratmaqdır. Son dövrdə Avropada yaranmış yeni mühitləri nəzərə alaraq, çevik reaksiya verən qüvvələrin sayı 13 mindən 30 minə yüksəlib.

Şimali Atlantika Şurasının iclaslarına NATO-nun baş katibi sədrlik edir. Baş katibin üç əsas funksiyası var. O, Şimali Atlantika Şurasının, Müdafiə Planlaşdırma Komitəsinin və Nüvə Planlaşdırma Qrupunun, NATO-Rusiya Şurasının, NATO-Ukrayna Şurasının, NATO-Gürcüstan Şurasının və Aralıq dənizi dialoqunun sədridir; o, təşkilat adından fəaliyyət göstərir; bu və ya digər məsələ ilə bağlı təşkilatın mövqeyini bildirir; o, Alyansın ali nümayəndəsi və qurumun əsas icraçısıdır. NATO-nun baş katibinin səsvermə hüququ yoxdur, çünki əks halda baş katib tərəfindən təmsil olunan üzv ölkələrdən biri iki səsə malik olar və NATO-da isə hər bir üzv ölkə bir və bərabər səs hüququna malikdir. NATO-nun baş katibi üzv dövlətlər tərəfindən 4 il müddətinə təyin edilir. Bu günə qədər NATO-nun ümumilikdə 12 baş katibi olub. Hazırda alyansın əsas vəzifəsini Norveçin keçmiş baş naziri Yens Stoltenberq tutur.

NATO-nun mülki və hərbi strukturu var, bunların  fəaliyyəti isə siyasi və hərbi aspektləri əhatə edir. Bu strukturların hər biri qərar qəbul edən orqana – Şimali Atlantika Şurasına kömək edir.

Alyansın bütün üzv ölkələrinin NATO-nun mənzil-qərargahında daimi nümayəndəsi/nümayəndəliyi var. Ona öz milli hökumətinin göstərişləri əsasında fəaliyyət göstərən səfir rəhbərlik edir. Nümayəndə heyətinin tərkibinə əsasən dövlətin xarici işlər və müdafiə nazirliyinin əməkdaşları daxildir. Milli nümayəndə heyətlərinin NATO-nun mənzil-qərargahında işləməsi onların beynəlxalq xidmətlə rəsmi və qeyri-rəsmi əlaqələrinə dəstək verir. NATO-nun mənzil-qərargahı tərəfdaş və üzv ölkələr arasında sabitlik və sülhün bərqərar olması üçün onların birgə fəaliyyətini təmin edən dialoq və əməkdaşlıq yeridir.
Beynəlxalq Xidmət NATO-nun məşvərətçi və inzibati orqanıdır və Şimali Atlantika Şurasına və onun tabeliyində olan komitələrə öhdəliklərini yerinə yetirməkdə kömək edir. Beynəlxalq xidmət üzv dövlətlərin nümayəndələrindən ibarətdir. Onlar NATO tərəfindən işə götürülür və ya müvafiq milli orqanlar tərəfindən 3-4 il müddətinə təyin edilirlər. NATO-nun Beynəlxalq Xidməti bilavasitə Baş katibə tabedir. Məşvərətlər və inzibati öhdəliklərdən əlavə, Beynəlxalq Xidmət Alyansın genişləndirilməsi prosesində iştirak edir. Beynəlxalq xidmətin əməkdaşları alyansa qoşulmaq istəyən ölkələrə müəyyən öhdəliklərin yerinə yetirilməsi prosesində fəal köməklik göstərirlər.

NATO Hərbi Komitəsi Şimali Atlantika Şurasının siyasi rəhbərliyi altında olan NATO-nun ən yüksək hərbi orqanıdır. Hərbi Komitə NATO-nun siyasi strukturlarına hərbi strategiya ilə bağlı təlimatlar verir və Alyansın hərbi fəaliyyətinə cavabdehdir. Hərbi komitə NATO üçün mümkün təhlükə yarada biləcək ölkələrin hərbi gücünü və imkanlarını qiymətləndirir. Hərbi vəziyyət, böhran vəziyyətləri və ya Alyansın sülhməramlı-hərbi əməliyyatları zamanı Şimali Atlantika Şurasına və Nüvə Planlaşdırma Qrupuna məruzə və tövsiyələr təqdim etmək üçün məsuliyyət daşıyır. Qeyd etmək lazımdır ki, Hərbi Komitə NATO-nun hərbi komandanları üçün direktivlər hazırlayır. O, eləcə də Avropa İttifaqının Hərbi Komitəsinin nümayəndələri ilə ümumi təhlükəsizlik, müdafiə və böhranların idarə edilməsi məsələləri üzrə danışıqlar aparır.
NATO-nun strateji əhəmiyyət kəsb edən iki baş komandanlığı var: qərargahı Monsda (Belçika Krallığında) yerləşən Müttəfiqlərin Avropa Komandanlığı və qərargahı Norfolk, Virciniya, ABŞ-da yerləşən Müttəfiqlərin Transformasiya Komandanlığı. Müttəfiqlərin Avropadakı Ali Baş Komandanı Müttəfiqlərin Əməliyyatlar Komandanlığına başçılıq edir və Müttəfiqlər tərəfindən verilən qüvvələrə rəhbərlik edir. O, yerindən asılı olmayaraq, NATO-nun bütün quruda həyata keçirilən əməliyyatlarına cavabdehdir. Avropada Müttəfiq Qüvvələrin baş komandanı vəzifəsini, ənənəvi olaraq, eyni zamanda ABŞ-ın Avropa Komandanlığının rəhbəri olan yüksək rütbəli Amerika hərbi məmuru tutur. Transformasiya sahəsində Müttəfiq Qüvvələrin baş komandanı isə Alyansın hərbi imkanlarının davam edən transformasiyası prosesinə cavabdehdir.

jQuery(document).ready(function($) {
$(‘a.ic-printPage’).click(function(){
window.print();
return false;
});
});