NATO-nun genişlənməsi
NATO-nun genişlənmə prosesi sabitliyin və əməkdaşlığın dəstəkləndirilməsinə, vahid və azad Şimali Atlantika regionunun saxlanmasına, sülh naminə birləşməyə və ümumi demokratik dəyərlərin formalaşmasına yönəlib. Bir dövlətin Alyansa üzv olmağa dəvət edilməsi ilə bağlı bütün qərarlar alyans üzvlərinin konsensusuna əsaslanaraq, Şimali Atlantika Şurası tərəfindən qəbul edilir. NATO üzvü olmayan dövlət belə bir qərarların qəbulu prosesində iştirak etmir.
1949-cu ildən bu günə qədər NATO-ya üzv ölkələrin sayı səkkiz genişlənmə mərhələsindən keçərək 12 ölkədən 30 ölkəyə qədər artıb.
Yunanıstan və Türkiyənin (1952), Qərbi Almaniyanın (1955) və İspaniyanın (1982) üzv dövlətlərə çevrildiyi genişlənmənin ilk üç mərhələsi, strateji əhəmiyyətin nəzərə alınması ilə qərarın qəbul edildiyi Soyuq Müharibə dövründə baş verib.
Soyuq Müharibə başa çatdıqdan sonra NATO-nun genişlənmə prosesi intensiv müzakirə mövzusuna çevrildi. Bir çox politoloqlar genişlənmənin arzu olunan nəticələr verəcəyinə əmin deyildilər. Bəziləri genişlənmə siyasətinin Alyansın digər ölkələrlə, xüsusən də Rusiya ilə əlaqələrinə və həmrəyliyinə necə təsir edəcəyindən ehtiyat edirdi. Sözügedəni nəzərə alaraq, 1995-ci ildə Alyans NATO-nun genişlənməsinə dair təlim keçirdi və bunun əsasında 1997-ci ildə Madrid Zirvə Görüşündə Alyans 1999-cu ildə Çexiya, Macarıstan və Polşanı Alyansa üzv olmağa dəvət etdi. Bu ölkələr keçmiş Varşava Müqaviləsi ölkələrindən NATO-ya üzv olan ilk dövlətlər oldular.
1999-cu il Vaşinqton zirvə görüşündə Alyansa qoşulmaq istəyən ölkələrə mümkün üzvlüyə hazırlaşmağa kömək edəcək Üzvlük Fəaliyyət Planı (Membership Action Plan – MAP) işlənib hazırlanmışdı.
Danışıqlara başlamaq üçün 2002-ci ildə Alyansın Praqa zirvə görüşünə Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya dəvət olunmuşdu. Sadalanan ölkələr Alyansa 2004-cü ildə qoşulub. Qeyd etmək lazımdır ki, yeddi ölkənin hamısı üzvlük fəaliyyət planını həyata keçirirdi.
2008-ci ilin aprelində Buxarestdə keçirilən zirvə görüşündə NATO-ya dəvət alan Albaniya və Xorvatiya 2009-cu il aprelin 1-də rəsmi olaraq alyansa üzv olublar.
2017-ci ildə Monteneqro rəsmi olaraq Alyansın 29-cu üzvü oldu.
Və 2020-ci ildə Afina ilə Skopye arasında tarixi razılaşma əldə edildikdən və ad mübahisəsi həll edildikdən sonra Şimali Makedoniya Alyansın 30-cu üzvü oldu.
NATO-nun açıq qapı siyasətinin və genişlənmə prosesinin davam etməsi 2023-2024-cü illərdə Finlandiya və İsveçin NATO-ya üzv olması ilə təsdiqlənir.